• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
04 İyul 2017

Yaxın gələcəyi formalaşdıran texnologiya: "IoT"


Süni Zəka | Aydan Rzayeva |
image

Evə çatmazdan 15 dəqiqə əvvəl qəhvə aparatının sizin üçün qəhvə hazırlamasını istəmək və evə girəndə qəhvənin hazır olmasını görmək... Və ya isti bir yay günündə evə gedərkən evdəki kondisioneri işə salmaq və sərin evə daxil olmaq.. Necə komfortlu səslənir, deyilmi?

 

Misalları daha da mürəkkəbləşdirə bilərik. Hotel idarəçilərinin hər bir otaqdakı karbon monooksid faizini sensorlar vasitəsilə təyin edib, kritik nöqtədən yuxarı olduğunu gördükdə otaqların yanğın kranlarının avtomatik açılmasını təmin etmək də innovativ ideyadır.

 

Bu sadalananların heç biri xəyal deyil və IoT adlanan texnologiya vasitəsilə gerçəkləşdirilir. IoT - Internet of Things, cihazların bir-biriylə internet vasitəsiylə əlaqələnməsi, şəbəkə yaratması və idarə olunmasıdır. Belə cihazlara mobil telefonlar, tabletlər, komputerlər və soyuducu, soba, televizor kimi ev cihazlarından əlavə, geyilə bilən aksesuarlar, eynəklər, saatlar və s. daxildir.

 

IoT anlayışı 1999-cu ildə Kevin Ashtonun Procter & Gamble şirkəti üçün RFID texnologiyasının istifadəsini tövsiyə etməsiylə yarandı. Təklif etdiyi sistem “əşyaların interneti” qavramını ortaya çıxaran radio dalğaları və sensorlara bağlı bir qlobal sistem standartı idi.

 

Əşyaların internetə qoşulmaqla data alış-verişi həyata keçirməsi ağıllı sensorlar vasitəsilə gerçəkləşdirilir. Bu sensorlar ultrasonik, maye, işıq, rəng, toxunma, lazer olmaqla əşyalara yerləşdirilir və onlara datanı toplayan, ötürən və yerinə yetirən prosessorlar əlavə olunur. Beləliklə, M2M (machine to machine) texnologiyasına sahib olan bu əşyalar “ağıllı” hesab olunur.

 

Modern IoT məhsullarından bəzilərinə nəzər salaq. Google tərəfindən alınan NEST cihazı ilə evinizin və ofisinizin istiliyini xaricdən idarə edə bilirsiniz. Duman detektoruna sahib olan cihaz təcili vəziyyətdə mobil telefonlara xəbərdarlıq göndərir. Hapifork adlanan ağıllı çəngəl yeməyi sürətlə yedikdə və ya gündəlik çox yemək istehlak etdikdə sizi xəbərdar edir. Adidasın "Micoach" adlı ağıllı topu vasitəsilə hansı sürətlə və ən çox hansı ayaqla qol atdığınız kimi məlumatları izləyə bilirsiniz. Ən çox seçilən məhsullardan biri olan Smart Things səhər oyananda qəhvənizi hazırlayır, evə daxil olduqda işıqları yandırır və musiqi açır.

 

 

Gartnerin araşdırmasına görə 2020-ci ilədək 20 milyon məhsul internetə qoşulacaq. Forbesə əsasən bu ədəd 34 milyon təşkil edəcək. Külli sayda əşyanın onlayn şəkildə data ötürməyi "Big Data"nı daha da böyüdəcək və onun analizini çətinləşdirəcək. Bu, köhnə SQL databazalı analitika proqramlarının daha davamlı müasir proqramlarla əvəz olunmasına gətirib çıxaracaq. “Predictive analytics” vasitələrini tətbiq edən şirkətlər, sözsüz ki, yeni texnologiyaya daha uğurla adaptasiya olacaq.

 

 

Internet of things dövrümüzün ən trend mövzularından biri və texnologiya dünyasında ən maraq göstərilən fenomendir. Gündəlik həyatımızda, kənd təsərrüfatında, ağıllı şəhər və ağıllı evlərin planlanmasında, enerji istehlakında, təhlükəsizlik və səhiyyə sahələrində istifadə olunacaq IoT qavramı həyatımıza yenilik gətirəcək və vaxtımızı daha səmərəli istifadə etməyi təmin edəcək.

 

Lakin yeni texnologiya yeni risklərə də yol açacaq. İnternetdə böyük həcmdə data paylaşımı gizlilik cəhətdən təhlükə yarada, şəxsi məlumatlarımızı digər şəxslərin ələ keçirməsinə səbəb ola bilər. Başqa məsələ, insanların gördüyü bir çox işin internet tərəfindən görülməsindən sonra insanların yeni biliklərə yiyələnməyə, fərqli sahədə işləməyə məcbur olması olacaq. Digər tərəfdən, belə köklü dəyişikliyin insanlara psixoloji və fizioloji cəhətdən necə təsir edəcəyi də sual altındadır. 

Fikir Bildir: