• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
30 Noyabr 2020

COVID-19 Azərbaycan, Bizi nələr gözləyir? Problemin həlli üçün hansı addımlar atılmalıdır? Analitik təhlil


Analitik təhlil | Etibar Hüseynli |
image

COVİD - 19 Perspektivindən gələcəyimiz necə olacaq? Problemin həlli üçün hansı addımlar atılmalıdır?
 

Apardığım tədqiqatın nəticələrini və tövsiyyələri ictimaiyyətlə bölüşürəm.


COVİD-19 ilə mübarizə effektiv vaksin tapılana qədər illərlə davam edəcək. Vaksin tapıldıqdan sonra belə dünya əhalisini peyvənd etmək kütləvi resurs, vaxt və səy tələb edəcək. COVİD-19 tək deyil. Biz daha çox keçiriciliyi və ölüm nisbəti olan pandemiya riskləri ilə üz üzəyik. Koronavirusun yeni növlərindən başqa influenza, tüberkloz və digər növ viruslar meydana gələcək.
 

Pandemiyanın Səhiyyə və digər sosial iqtisadi təsirlərini azaldaraq mövcud vəziyyəti balansda saxlamaq əhəmiyyət kəsb edir. Xəstəliklə mübarizədə qalib gəlməyimiz riski hələ də qalır. Bundan əlavə iqtisadi olaraq məğlub olacağımız və on illərlə dünyanı yoxsullaşdıracaq vəziyyət qarşısındayıq. COVİD -19 daha kəskin siyasi addımlar atmaq istiqamətində oyanmağımız üçün olan Başlanğıc Həyəcən Siqnalıdır. Bəzi qabaqcıl dövlətlər bu həyəcan siqnalı sayəsində texnologiya və elm istiqamətində uğurlu oyanışa keçdilər.

COVİD-19- u bioloji səviyyədə öyrənmək lazımdır. Virusu xəstəxalanarda və yayılma baş verən bölgələrdə idarə edə bilməyi bacarmalıyıq. Nöbəti pik hədləri düzgün proqnozlaşdırmaq və iqtisadi təsirləri hesablaya bilmək və mümkün təsirləri minimum həddə saxlamaq üçün siyasi məsləhətlər verən təhlil qurumları mövcud olmalıdır. COVİD-19 həyəcan siqnalı nəticəsində ölkəmizdə atılması vacib olan 4  addımı sıralayıram.

 


1) Data əsaslı səhiyyə sisteminin əsası qoyulmalıdır.

2) Mobil tətbiqlər bizi xilas etməyəcək amma mübarizədə böyük güc qazandıracaq.

3) Səhiyyə, iqtisadi və digər vacib datalara çıxışı olan yeni müasir səhiyyə mərkəzi yaradılmalıdır.

4) Səhiyyə sistemində müasir yeni vizyon ortaya qoyulmalıdır.

 

 

1) Data əsaslı səhiyyə sisteminin əsasının qoyulması.


Problemi məşhur məsəl ilə izah etmək istəyirəm. Bir gənc balıq tutarkən boğulan insanı görərək xilas edir. Bir müddət sonra başqa birinin boğulduğunu görür və onu da xilas edir. Tədricən yeni boğulan insanlar görür və hər dəfə onları xilas edir. Balıqçı artıq yorğun və bitkin halda bütün boğulanları xilas etməyin mümkün olmayacağı qənaətinə gəlir. Yüksək bir təpəyə çıxaraq niyə insanların boğulduğunu müşahidə etməyin daha doğru olacağını düşünür. Təpəyə çatdıqda insanların sıradan çıxmış körpüdən suya düşdüyünü görür. Nəhayət insanların suya düşməsinin qarşısını almaq üçün körpünü təmir etmək qərarına gəlir.
 

"Vaxtı vaxtında toplanan düzgün səhiyyə dataları əsasında, müasir data elmi, maşın öyrənməsi və süni intellekt üsulları ilə analitik təhlillərə əsaslanan müasir səhiyyə sistemimiz olarsa körpünün harda qırıldığını daha rahat görüb lazım olan yeri təmir edə bilərik."
 

Dünyada data science və statistika metod və üsullarının Tibb sahəsində inkişaf etdiyini unutmamalıyıq. Əmin olmalıyıq ki, səhiyyə sahəsində tədqiqat və data sahəsində ən son yenilikləri tətbiq edirik. Bu yeniliklərə coğrafi informasiya sistemləri ilə xəritələr hazırlamağı və digər iqtisadi və kommersiya dataları əsasında sosial iqtisadi təsirləri təhlil etmək və bunun əsasında strategiyalar formalaşdırmaq və mobil test mərkəzləri qurmaq daxildir. Adi Uber və Bolt daşıma tətbiqləri sürücü datalarını izləyərək tıxacları müəyyən edə bilir və alternativ yolar təklif etməklə daşımanı necə optimal həyata keçirməyə kömək edirsə yayılmaları daha sürətli və optimal izləyərək səhiyyə sistemini boğulmaqdan xilas edə bilərik.
 

İndiki səhiyyə infrastrukturumuz daxilində normal data mexanizmi olmadığına görə Coronavirus ilə bağlı yoluxma və ölüm nisbəti kimi sadə məlumatları belə jurnalistlər və digər texniki bilikli insanların qurduğu COVİD İzləmə tətbiqlər vasitəsi ilə əldə edə bilirik. Hazırda Səhiyyə sistemimizin hesabatlılıq və analitika sistemi sadəcə gündəlik yoluxmaları hesabat verməkdən ibarətdir. Bu hesabatları vermək belə həkimlər və səhiyyə idarəçiləri üçün çox çətin prosesə çevrilib. Onların verdiyi informasiyalar adətən limitli olur və beləliklə vəziyyətdən çıxış yolu tapmaq həm idarəçilər, həm də ictimaiyyət üçün daha ağır nəticələrin yaranmasına gətirib çıxarır.
 

"Pandemiya davam edir və illərlə davam edəcək."


Müasir texnologiya və data əsaslı Səhiyyə sistemimiz olmalıdır. Köhnə körpü böyük yükü qaldıra bilmir, körpü qırılır və insanlar boğularaq ölür. Mövcud Səhiyyə Sisteminin vəziyyətdən çıxmaqla bağlı heç bir ümidi yoxdur. Bu vəziyyət tək Azərbaycanda yox, ən müasir dövlətlərdə də belədir. Data infrastrukturu və Bulud hesablama mexanizmləri vasitəsi ilə səhiyyə və iqtisadi dataları bir yerə toplamaq və COVİD-19 hesabatlılığını və analitikasını inkişaf etdirmək zəruridir. Bu sistem bütün COVİD test cihazlarını əlaqələndirə bilməli və qüsursuz olmalıdır. Nəticədə bu datalar vasitəsi ilə problemi daha düzgün təsvir edib və həll yollarını daha rahat təyin edə biləcəyik.
 

Yeni sistem təcili olaraq fəaliyyətə başlamalıdır. Xəstəxanalardakı elektronik cihazların dataları vahid sistemə qoşulmalı və ən parlaq proqramlaşdırma və "data science" *  beyinlərimiz səhiyyə işçiləri ilə birlikdə işləməlidir. Müasir data infrastruktrurlarının köməyi və yeni Data Elmi texnologiyaları və Süni İntellekt vasitəsi ilə təhlükəsizliyi və gizliliyi təmin edərək problemi həll etməliyik. Bu yeni sistem səhiyyənin ictimaiyyətə aid olduğunu qəbul etməli və beynəlxalq təcrübədə məsləhət edildiyi kimi dataları mütəxəssislərə təhlil etmək üçün açıq etməlidir. Beləliklə əldə edilən informasiyalar inkişaf edəcək və hər keçən gün daha dəqiq həllərin tapılmasına səbəb olacaqdır.
 

Sistem elə qurulmalıdır ki, ordan xəstəxanalar, həkimlər və ümumiyyətlə heç kim şəxsi məlumatları çəkə bilməməlidir. GDPR tətbiq edilməli, telefon nömrəsi, email, ad, soyad və s. kimi şəxsi məlumatlar qorunmalıdır.
 

2) Mobil tətbiqlər bizi xilas etməyəcək amma mübarizədə böyük güc qazandıracaq.
 

Texnologiyanın köməyi ilə ağıllı telefon və cihazlara yüklənən müxtəlif tətbiqlər vasitəsi ilə COVİD-19-u daha rahat idarə etmək olar.


COVİD-19-u idarə etməyə kömək edə bilən tətbiqləri iki qrupa ayıra bilərik.


Birinci qrup tətbiqlərə COVİD-19 xəstələri ilə yaxınlığınızı müəyyən edən, - təmas izləyən tətbiqləri aid etmək olar. Bu tətbiq bluetooth və GPS vasitəsi ilə yerimizi müəyyən edə bilən telefon və ya digər ağıllı qol saatı və braselet kimi cihazların köməyi ilə çalışır. Bu texnologiya asan həll təklif etdiyinə görə ictimai diqqəti cəlb edə bilib. Təəssüf ki, bu yanaşmanın icrasına müxtəlif maneələr mövcuddur: Bu maneələrə tətbiqin işləyə bilməsi üçün insanlar tərəfindən yüklənməsi zərurəti, bəzi cəmiyyətlərdə tətbiqin anlaşılması səviyyəsi və yuxarıda qeyd etdiyim kimi şəxsi məlumatların ələ keçirilməsi ilə bağlı müxtəlif hüquqi və etik məsələlər aiddir.


Ikinci qrup tətbiqlərə immun pasport tətbiqlərinin inkişaf etdirilməsini aid etmək olar. Burda ideya telefonunuzda COVİD-19 testinizin nəticəsini yerləşdirilməsindən və nəticəyə əsasən immunitet ehtiyacınızı proqnozlaşdırılmasından ibarətdir. Bu ideyanın tətbiqində də müəyyən maneələr mövcuddur. Bu maneələrə COVİD-19 testi edilən mərkəzlərin datalarına çıxış icazəsinin olmaması və COVİD-19-dan sağalanların immun sistemi ilə bağlı hələki əsaslı elmi nəticələrin olmaması daxildir. Əlavə olaraq test nəticəniz mənfi çıxsa belə testdən dərhal sonra virusa yoluxmağınız mümkündür.
 

Belə tətbiqlərin suistifadə potensiyalı da mövcuddur və tətbiqlərin sabah faydadan daha çox əleyhimizə işləməməsi üçün düzgün texnologiyanın və siyasətin tətbiq edilməsi kritik əhəmiyyət kəsb edir. Beləliklə GDPR-ın (data təhlükəsizliyi istiqamətində qanunvericilik)  təsdiq edilməsi və şəxsi məlumatlardan istifadəyə nəzarət mexanizminin qurulması zərurəti ortaya çıxır.
 

3) Səhiyyə, İqtisadi və digər vacib datalara çıxışı olan yeni müasir səhiyyə mərkəzi yaradılmalıdır.


COVİD-19 ilə mübarizədəki cari vəziyyəti və Pandemiyanın iqtisadiyyata və səhiyyəyə təsirlərini nəzərə aldıqda dataların vaxtında toplanması və təhlil edilməsi istiqamətində çox ciddi boşluqlar olduğunu müşahidə etmək mümkündür.

"Bu gün bütün dünyada belə boşluqların olması müəyyən qədər başa düşülən ola bilər, amma bu, tezliklə müasir data əsaslı səhiyyə sistemi qurmaq zərurətini aradan qaldırmır."

 

Təmas izləmə tətbiqinin yığa biləcəyi datalardan əlavə olaraq müxtəlif səhiyyə qurumları və test mərkəzlərinin dataları birləşdirilməlidir. Hətta bu sahədə dünyada tədqiqat aparan saytlardan müasir üsullarla datalar çəkilə bilər (web scraping). Yenilikçi fəaliyyəti ilə seçilən digər müəsisələrin datalarını COVİD-19-u idarəetmə prosesinə cəlb etmək olar. Pandemiyanı idarə etməkdə ciddi önəm daşıyan və lazımı informasiya verəcək belə yenilikçi fəaliyyətlərə telefon vasitəsi ilə hərəkətlərin izlənməsi dataları, sosial media platformalarının dataları, tətbiqlər vasitəsi ilə restoran və otel rezervasiya dataları daxildir. Bu datalar nəqliyyat sıxlığını və trafiki izləməyə və Pandemiyanı nəzarətdə saxlamağa böyük kömək ola bilər. Bugün ölkəmizdə bütün bu fəaliyyətləri həyata keçirməklə COVİD-19-u daha yaxşı tədqiq edib anlaya biləcək parlaq beyinlərə və onların müasir yanaşmalarına ehtiyac var.


"Pandemiya ilə mübarizədə biz iqtisadiyyat və səhiyyə ekspertlərini bir araya gətirməli və bioloji, epidemioloji və iqtisadi yanaşmaları birləşdirməliyik."


Bütün bunları reallaşdıra bilmək üçün həm kommersiya, həm səhiyyə, həm də iqtisadi datalara çıxışı olan yeni formatda institutun qurulmasına ehtiyac var. Bu institut daxilində Səhiyyə, Kompyuter elmləri, Data Science və İqtisadiyyat tədqiqatçıları və mütəxəssisləri birgə fəaliyyət göstərməlidir.
 

İdeal formada bunu Səhiyyə, Texnologiya və İnnovasiya qurumları və Dövlət qurumları və Universitetin İqtisadiyyat mütəxəssisləri hibrid formada həyata keçirə bilər. Dataya icazə qanuni müqavilələr və xüsusi təhlükəsizlik prosedurları əsasında təmin oluna bilər. Hətta bu istiqamətdə Virtual forum təşkil edilərək müzakirələr aparıla bilər. 

 

4) Dövlət Səhiyyə sistemində yeni müasir vizyon ortaya qoyulmalıdır.


"Dövlət səhiyyəsinin yeni formatı ənənəvi səhiyyə ekspertləri ilə müasir texnologiya ekspertlərini, yəni kompyuter mühəndislərini, data scientistləri və iqtisadçıları birləşdirməlidir. "

Hazırda Dövlət xidmətlərini elektronlaşdıraraq asanlaşdıran qurumların həyata keçirdiyi bənzəri innovativ fəaliyyətlərə Səhiyyə sahəsində böyük ehtiyac var. Dövlət Səhiyyəsində çalışan mütəxəssislər mühəndislik, proqramlaşdırma və data science bacarıqlarına sahib olmalıdır.

"Süni İntellekt üsulları ilə dəstəklənmiş elektronlaşma və avtomatlaşdırma həyata keçirilərək səhiyyə xidmətlərinin əhaliyə təmin edilməsi üsulları inkişaf etdirilməlidir. 
Belə müasir səhiyyə sistemi hətta Epidemiyalar baş vermədən bunu müəyyən edə bilmə və mövcud təhlükələrlə effektiv mübarizə apara bilmə gücünə malik ola bilər."
 

Məhz bu sistemin qurulması istiqamətində xərcləri artırmaq üçün digər daha az prioritet olan Səhiyyə xərclərinin azaldılması düşünülə bilər.


Gələcəyə istiqamətlənən bu addımları atarkən keçmişdə yaşadığımız düz addım və səhv addımlardan əldə edilən təcrübələri nəzərə almalıyıq. Dövlət rəhbərlərimizin bu dumanlı müharibədə qərar verərkən çox yaxşı düşünmələri və millət olaraq hamını fəlakətə aparacaq problemin həllində maksimum həssaslıq göstərmələri böyük əhəmiyyət kəsb edir.
 

Müxtəlif qurumlar arasında prosesləri ortaq idarə edə biləcək mexanizm haqqında düşünülməli və əlaqədar bütün qurumlar səfərbər olmalıdır. Əmin olmalıyıq ki, bütün mühəndislər, həkimlər, iqtisadçılar və digərləri öz səylərini bu milli və qlobal həyat mübarizəsində birləşdirməlidirlər. Əməkdaşlıq yerli çərçivə ilə məhdud qalmamalı, beynəlxalq qurum və təşkilatlarla daima koordinasiya içində olunmalıdır.
 

Məsləhətlər:
 

1) Dövlət idarəçiləri səhiyyə sistemini inkişaf etdirəcək məxfi olmayan bütün dataların açıq elan edilməsini təmin etməlidir. Bu data  vaxtında təmin edilməlidir ki mütəxəssislər gecikmədən təhlillər və qiymətləndirmələr həyata keçirə bilsinlər.
 

2) Səhiyyə qurumları elektronlaşmalı və bütün proseslər barədə məlumatların elektron yığılması təmin olunmalıdır.


3) Xəstəxanalar, Tibb müəssisələri və digər bütün qurumlar xəstələrin test nəticələri barədə ictimai hesabatlar verməlidir.


4) GDPR - "şəxsi dataların qorunması haqqında" qanun qəbul edilməli və nəzarət mexanizmi qurulmalıdır.


5) Bütün belə innovativ fəaliyyətlərə dövlət və özəl qurumlar tərəfindən investsiya yatırılmalıdır.

Fikir Bildir: